TESTLƏŞDİRMƏ
* İlkin seçim mərhələsinin nəticəsində göstəriciləri müraciət etdiyi vakansiyanın tələblərinə uyğun olan namizədlərə test imtahanında iştirakla bağlı bildiriş göndərilir.
* Namizədlər bildirişdə göstərilən vaxtda imtahanın başlanmasına azı 30 (otuz) dəqiqə qalmış imtahan keçiriləcək ünvanda olmalı, mütləq özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir.
* Namizədlər imtahan zalında öz yerlərini tutduqdan sonra nəzarətçinin qısa təlimatını diqqətlə dinləməli, təlimat aydın olmadıqda nəzarətçiyə müraciət etməlidir.
* Təlimatlandırma başa çatdıqdan sonra nəzarətçi tərəfindən imtahanın başlanması elan olunur.
* Test imtahanı qulluqçu vəzifələri üzrə 100 (yüz), fəhlə peşələri üzrə isə 60 (altmış) dəqiqə müddətində fasilə verilmədən keçirilir.
* Qulluqçu vəzifələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə cəmi 50 (əlli) sual verilir:
- məntiqi təfəkkürün yoxlanılması ilə bağlı 15 sual;
- dünyagörüşünü müəyyən etmək üçün 5 sual;
- namizədin iddia etdiyi vəzifə üzrə biliklərini müəyyən etmək üçün 30 sual.
* Qulluqçu vəzifələri üzrə test imtahanında uğur qazanmaq üçün namizəd azı 25 bal (8 bal məntiqi təfəkkür, 2 bal dünyagörüşü və 15 bal iddia edilən vəzifə üzrə) toplamalıdır.
* Fəhlə peşələri üzrə test imtahanında namizədə aşağıdakı istiqamətlər üzrə 30 sual verilir:
- dünyagörüşünü müəyyən etmək üçün 5 sual;
- namizədin iddia etdiyi peşə üzrə biliklərini müəyyən etmək üçün 25 sual.
* Fəhlə peşələri üzrə test imtahanında uğur qazanmaq üçün namizəd azı 12 bal (2 bal dünyagörüşü və 10 bal peşə bilikləri üzrə) toplamalıdır.
* Test imtahanında hər düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Suala verilmiş səhv cavab və sualın cavabsız saxlanması düzgün cavabların balına təsir etmir.
* Hesablamalar və qeydlər aparmaq üçün namizəd lazımi ləvazimatlarla təmin edilir.
* Nəzarətçi tərəfindən imtahanın başa çatması elan olunduqdan sonra namizəd dərhal imtahan zalını tərk etməlidir.
* Test imtahanının nəticələri barədə bütün namizədlərə ən geci 3 iş günü ərzində telefonla zəng vurulmaqla və elektron məktub vasitəsilə məlumat verilir. Həmçinin uğur qazanan namizədlərə növbəti mərhələ - müsahibə və ya peşə imtahanının keçirildiyi vaxt və yer barədə bildiriş göndərilir.
* Uğur qazanmış namizədlərlə testin nəticələri elan edildikdən sonra 15 iş günü ərzində müsahibə keçirilir. Zəruri hallarda göstərilən müddət əvvəlcədən xəbər verilməklə uzadıla bilər.