İNSAN RESURSLARI SİYASƏTİMİZ
· “Azərbaycan Dəmir Yollar” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları siyasəti zəruri kadr resurslarının formalaşdırılması, effektiv idarə edilməsinin həyata keçirilməsi və kadrların səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanmışdır.
· “Azərbaycan Dəmir Yollar” QSC-nin insan resurslarının idarə edilməsinə cavabdeh olan struktur bölməsi bu Siyasətdən irəli gələn məsələlərə əməl edilməsinə nəzarət edir.
· İnsan resursları siyasətinin tətbiqi “Azərbaycan Dəmir Yollar” QSC-nin aparatını və strukturuna daxil olan bütün qurumları əhatə edir.
Siyasətin aparılmasının əsas prinsipləri
· Ədalətlilik – “Azərbaycan Dəmir Yollar” QSC-də fəaliyyət göstərən bütün mövcud və potensial əməkdaşlara heç bir ayrı-seçkilik olmadan, qərəzsiz və ədalətli yanaşmanın tətbiq edilməsi;
· Fərdi yanaşma və azad fikir – Hər bir əməkdaşın öz fəaliyyət isiqaməti ilə bağlı istənilən məsələyə müstəqil fikir bildirməsi və hər əməkdaşa fərdi yanaşmanın tətbiq edilməsi;
· Əsaslandırma – “Azərbaycan Dəmir Yollar” QSC-nin işçilərinin karyerası, habelə əmək fəaliyyətini əhatə edən bütün məsələlər haqqında verilən qərarların ciddi araşdırma hallarına , hüquq təsdiqedici faktlara və qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılması;
· Şəffaflıq – “Azərbaycan Dəmir Yollar” QSC-nin fəaliyyətində tətbiq olunan bütün qayda, prosedur və siyasətlərin şəffaf və hamı üçün aydın şəkildə müəyyənləşdirilməsi;
· Məlumatlılıq – “Azərbaycan Dəmir Yollar” QSC-də tətbiq olunan bütün aidiyyəti qayda, prosedur və siyasətlərdən əməkdaşların məlumatlı olması;
· Dəyərləndirmə – “Azərbaycan Dəmir Yollar” QSC-də fəaliyyət göstərən bütün əməkdaşların nailiyyətlərinin, təşəbbüslərinin, bilik və bacarıq səviyyəsinin obyektiv şəkildə dəyərləndirilməsi;
· Ziddiyyətsizlik – “Azərbaycan Dəmir Yollar” QSC-nin əsas siyasət, qayda və təlimatları ilə ziddiyyət təşkil etməyən siyasətin həyata keçirilməsi.
Siyasətdən irəli gələn ümumi vəzifələr
· İnsan resurslarının idarə edilməsi sahəsindəki əməliyyatları əmək qanunvericiliyinin tələblərinə və beynəlxalq təcrübəyə uyğun formalaşdırmaq və rəsmiləşdirmək;
· Vakant elan edilmiş peşə və vəzifələrə işə qəbulu, işçilərin yerdəyişməsini şəffaflıq və ədalətlilik prinsipləri əsasında mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirmək;
· İşçilərin karyera inkişafını, onların xidməti fəaliyyətinin qiymətləndirilməsini, peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin ölçülməsini ədalətli şəkildə həyata keçirmək;
· İşçilərin hazırlıq səviyyəsini və peşəkarlıq dərəcəsini artıra biləcək dinamik inkişaf tədbirlərini müəyyənləşdirmək və təşkil etmək;
· İşçilərin maddi və qeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sistemini qurmaq və tətbiqini həyata keçirmək;
· İşçilərin səmərəli fəaliyyətinin təşkil edilməsi məqsədilə sağlam əmək şəraitini, həmçinin qarşılıqlı hörmət prinsiplərinə əsaslanan korporativ mühiti formalaşdırmaq.
Siyasətdən irəli gələn fəaliyyət istiqamətləri
· İnsan resurslarının idarəedilməsi sahəsində sahəvi və inzibati sənədlərin işlənib hazırlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi;
· İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, proqnozlaşdırılması və təhlili;
· Vəzifə və peşələr üzrə ehtiyat kadr bazasının formalaşdırılması və idarəedilməsi,
· İşə qəbul edilən işçilərin öz potensiallarından effektiv şəkildə istifadə etməsi və əmək məhsuldarlığının artırılması məqsədilə funksional adaptasiya proqramının tətbiq edilməsi;
· İşçilərin karyera inkişafının təmin edilməsi və onların lazımi bilik, bacarıq və peşə vərdişlərinə yiyələnməsi məqsədilə xidməti fəaliyyətin qiymətləndirilməsi əsasında təlim ehtiyaclarının və fərdi inkişaf planın müəyyənləşdirilməsi və həyata keçirilməsi;
· Vəzifələrin (peşələrin) və iş qruplarının tələblərinə əsasən müəyyən edilmiş kvalifikasiya və kompetensiya tələbləri nəzərə alınmaqla işçilərin tutduqları, habelə iddia etdikləri daha yüksək vəzifə və peşə üzrə göstəricilərinin çoxfaktorlu və geniş profilli üsullardan istifadə edilməklə qiymətləndirilməsi;
· İşçilərin “Azərbaycan Dəmir Yollar” QSC-nin daxilində daimi inkişafını təmin edən, onların bilik, bacarıq və peşə vərdişlərinin səviyyəsini nəzərə alaraq, obyektiv əsaslarla vəzifədə irəli çəkilməsinə xidmət edən, strateji əhəmiyyətli vəzifələr və peşələr üzrə ehtiyat kadrların müəyyənləşdirilməsinə imkan yaradan karyeranın idarə edilməsi sisteminin tətbiqi;
· Əmək bazarında rəqabətə dayanıqlı, habelə vəzifənin dairəsinə uyğun və ədalətli şəkildə ödənilən əmək haqqı sisteminin qurulması;
· Əmək intizamının ilkin növbədə təşviqedici üsullarla gücləndirilməsi, həmçinin bu sahədə qurulmuş nəzarət mexanizimlərinin təkmilləşdirilməsi;
· Funksiyaların icrası zamanı beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, operativliyə imkan verən yeni texnologiyaların tətbiqi, insan resurslarının idarəedilməsi proseslərinin avtomatlaşdırılması və funksiyalararası əlaqələrin gücləndirilməsi ilə bu sahədə bütünlüyün qorunması;
· İşçilərin məmnunluğunun və əmək gərginliyinin ölçülməsi məqsədilə müvafiq sorğuların təşkili və lazımi tədbirlərin görülməsi;
· Qarşılıqlı əmək münasibətlərinin, komanda ruhunun və korporativ mədəniyyətin gücləndirilməsi, işçilərin müasir tələblər səviyyəsinə uyğun iş mühitində işləməsinin təmin edilməsi.